6 Şubat 2011 Pazar

“Xaricdə erməni-fars lobbisi bir yerdə fəaliyyət göstərir”

Dünən Kanadada yaşayan güney azərbaycanlı mühacir, “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi” adlı qeyri-hökumət qurumunun rəhbəri Aslan Xalidi son vaxtlar bəzi dairələr tərəfindən hicab probleminin süni olaraq qabardılması, dindarların təxribatlara cəlb edilməsi və digər məsələlərlə bağlı mətbuat konfransı keçirib. İranın Azərbaycandakı sabitliyi pozmaq məqsədilə həyata keçirmək istədiyi təxribatlardan söhbət açan A.Xalidi İranın bu məqsədlə Azərbaycanda xüsusi əlaltılarının olduğunu söyləyib. Mərkəz rəhbəri bildirib ki, fars şovinistlərinin bu hərəkətləri milyonlarla güney azərbaycanlısının hiddətinə səbəb olub: “Azərbaycanda dünyəvi dövlət, dünyəvi təhsil əleyhinə çağırışlar edən “dindar”ların arxasında İran dayanır. Bu “dindar”lar təxribatlar törətmək üçün xüsusi yetişdiriliblər. İran belə fəaliyyətə 1991-ci ildən başlayıb.
Bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. İran istəyir ki, Azərbaycanda İsrail, ABŞ və digər bizimlə müttəfiq olan dövlətlərə qarşı çıxacaq qüvvə hazırlasın. Bu işlə əlaqədar olaraq, 1991-ci ildən etibarən Azərbaycandan müəyyən gənclərin qanunsuz olaraq İrana aparılması təşkil edilib. Həmin illərdə təxminən 4 minə yaxın azərbaycanlı gənc “dini təhsil” adı altında İrana göndərilib. O zaman həmin gənclərin guya İrana dini təhsil almağa getdikləri bildirilib. Amma əslində onların bəziləri sonradan “könüllü” olaraq hərbi təlimlərdə iştirak edib, Fələstinə-din yolunda kafirlərə qarşı vuruşmağa gediblər. Əvvəlcədən isə bildirilib ki, bu gənclərin bəziləri şəhid ola bilərlər. Aslan Xalidi bildirib ki, İran xüsusi xidmət orqanlarının müşayiəti ilə bəzi azərbaycanlılar Qumda təlim keçdikdən sonra, Xomeyni ideologiyasını, şiəlik İslamını Azərbaycanda yayacaqlarına söz veriblər: “dünyada bir sıra dini ocaqlar, dini-ideoloji mərkəzlər var. Onlardan biri də İranın Qum şəhəridir. Xomeyniçilik ideologiyasının mərkəzi Qumdur. İran hər il xomeyniçiliyə yiyələnmək üçün minlərlə gənci müxtəlif müsəlman ölkələrindən bu şəhərə gətirir. Onlara təhsil verib, təlim keçir, xomeyniçi kimi hazırlayıb təkrar öz ölkəsinə qaytarır. Qumda təhsil alan həmin gənclər kəşfiyyatçı, xomeyniçi, panfarsist kimi yetişdirilir. Biz bununla bağlı hələ o zaman Azərbaycan dövləti qarşısında məsələ qaldırmışdıq. İran tərəfi də təkzib verərək, bəyan etmişdi ki, guya belə bir şey yoxdur, bütün bunlar yalandır. Biz bui zaman Güney Azərbaycandakı vətənpərvər insanların əli ilə bir video-kasset əldə etdik. Həmin videolentdə Qumdakı təlimlər nümayiş etdirilirdi. Orada Azərbaycandan aparılmış insanlar da “təlimdən” sonra and içərək bildirirdilər ki, Vətənlərinə qayıdıb xomeyniçilik və şiə İslamını camaat arasında yayacağıq.” Aslan Xalidi xaricdə erməni-fars lobbisinin bir yerdə fəaliyyət göstərdiyini diqqətə çatdıraraq, təəssüflə qeyd edib ki, Azərbaycanda İranın maraqlarını müdafiə edən bəzi “dindarlar” bir dəfə də olsun İran səfirliyi qarşısında aksiya keçirərək, Ermənistanla bu ölkə arasındakı sıx münasibətlərə etiraz etməyiblər. Evindən silah-sursat tapılan, Azərbaycanın dövlət quruculuğunu dəyişmək çağırışları ilə çıxış edən bəzi “dindarların” həbsinə İran tərəfinin etiraz etməsinə münasibət bildirən A.Xalidi qeyd edib ki, əgər eyni tələblərlə azərbaycanlılar İranda çıxış etsəydilər fars şovinist hakimiyyəti nəinki onları həbs edər, hətta onları ən ağır cəzaya-edam məhkum edərdi: “Bu yaxınlarda İran prezidentinə etiraz edən iki gənc milyonlarla insanın gözü qarşısında edam edildi. Ini liderlərə qarşı çıxan, azadlıq şüarı səsləndirən insanlara qarşı da iranda bu cür cəzalar tətbiq edilir. Bütün bunlara görə Güney türkləri İranı deyil, Azərbaycan Respublikasını öz Vətətnləri hesab edirlər. Onlar Azərbaycana sevgi ilə yanaşırlar. Molla rejimi bilsin ki, Azərbaycana təzyiqlər etməklə, burada xomeyniçiliyi hakimiyyətə gətirə bilməzlər. Əksinə molla hakimiyyətinin ömrünə az qalıb. Molla hakimiyyəti qonşu dövlətlərdə təxribatlar törətmək planı hazırlamaqdansa, yaxşı olardı ki, İranı beynəlxalq təcrid vəziyyətindən çıxarmaq barədə düşünsün. İran rəhbərliyi bilsin ki, Azərbaycana qarşı təzyiqlər əks effekt verə bilər. Çünki onların Azərbaycanda 5 min adamı varsa, Güney Azərbaycanda 35 milyon azərbaycanlı Azərbaycan Respublikasını dəstəkləyir”.  Rufik İSMAYILOV

Hiç yorum yok:

Yorum Gönder