
GAİP XƏBƏR : Sadiq İsabəyli: "Ermənilər əkinə yararlı torpaqları, zavodları, fabrikləri ələ keçirmək və hətta bəzi mədənləri özününküləşdirməyə çalışırlar"
Ötən yazımızda erməni lobbisinin müxtəlif ölkələrdə həyata keçirdiyi terror və ya təxribatlarla bağlı ətraflı məlumat vermişdik. Bu məqaləmizdə isə ermənilərin Güney Azərbaycanda törətdiyi təxribatlara nəzər salacağıq. Hazırda İranda yüz mindən çox erməni yaşayır.
(II yazı)
Onların öz dillərində uşaq bağçaları, orta məktəbləri, universitetlərdə fakültələri, elmi mərkəzləri, ibadət etdikləri kilsələri və s. var. Eyni zamanda onların İran iqtisadiyyatının müxtəlif sahələrində böyük biznesləri mövcuddur. Hətta say azlıqlarına baxmayaraq, İran parlamentində iki deputatla təmsil olunurlar. Hazırda İrandan Ermənistana neft kəməri çəkilir və erməniləri neft məhsullarıyla təmin etmək üçün Təbrizdə neftayırma zavodu tikilir. Bundan əlavə, ermənilərin dünya bazarına çıxışı üçün Ermənistanla İran arasında dəmir yolu xətti çəkilməsi planlaşdırılır. Beləliklə, İranın hərtərəfli dəstəyini alan ermənilər zaman-zaman Güney Azərbaycanda müxtəlif təxribatlar həyata keçirməkdən də çəkinmirlər.
Məsələylə bağlı fikirlərini öyrəndiyimiz hazırda Finlandiyada mühacirət həyatı yaşayan Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) Araşdırma və İnformasiya Mərkəzinin sədri Sadiq İsabəyli bildirdi ki, İranda 120 min erməni yaşayır və onların 23 məktəbi, bir neçə kilsəsi var: "Bundan başqa, ermənilərin istədikləri biznes və iqtisadi sektorlarda çalışması üçün hər cür şərait yaradılıb. Hətta İran qanunlarıyla qadağan olunmuş şərab məhsullarının istehsalı və donuzçuluqla belə məşğul ola bilirlər. Bu bizneslərini İranda getdikcə genişləndirirlər. Erməni arağı və ya şərabı adı ilə İranın bir çox yerlərində içkilər satılır. Bütün bunları da ermənilər heç bir qanuni məhdudiyyət olmadan həyata keçirirlər. Təsadüfi deyil ki, erməni kilsəsinin rəhbərləri farsları özlərinə qardaş sayırlar və eyni kökdən olmalarını belə əsaslandırmağa çalışırlar".
Konsulluq təxribatı
GAİP yetkilisinin sözlərinə görə, bir neçə il bundan öncə ermənilər Təbriz şəhərində Ermənistanın baş konsulluğunu açmağa cəhd göstərirdilər: "Onlar dəfələrlə Güney Azərbaycanın başkəndində diplomatik nümayəndəlik açmağa çalışıblar. Hətta İran Nazirlər Kabineti Təbrizdə Ermənistanın baş konsulunun təsis olunmasına müsbət münasibət bildirmişdi. Layihəni İran prezidentinin birinci müavini ölkənin xarici işlər nazirinə təqdim etmişdi. Bu da Ermənistanın Güney Azərbaycanın bəzi sənaye sahələrinə sərmayə qoyuluşuna başladığı vaxta təsadüf edirdi. Ancaq İranın böyük dəstəyinə baxmayaraq, ermənilərin səyləri heç bir nəticə vermədi. Təbii ki, bunda İranda öz tarixi torpaqlarında yaşayan 40 milyona yaxın Azərbaycan türkünün rolu böyük oldu. Onların güclü təpkisi olmasaydı, Ermənistanın baş konsulluğunun açılması bir an məsələsəydi. Halbuki Təbrizdə yaşayan ermənilərin sayı 2-3 min nəfər civarındadır və doğrudan da, ermənilər üçün konsulluq açmaq belə vacib məsələdirsə, onlar gedib bunu İsfahanda açmalıydılar. Çünki orada yaşayan ermənilərin sayı daha çoxdur. Sadəcə, onlar bu üsulla Güney Azərbaycan ərazisində öz nüfuzlarını artırmaq və bu vasitəylə öz siyasi maraqlarını təmin etmək istəyirdilər. Yəni bu niyyət ermənilərin başqa məqsədindən xəbər verirdi. Əslində konsulluq iddiası ermənilərin müxtəlif formada Güney Azərbaycan ərazisində aparmaq istədikləri işğalçılıq siyasətindən irəli gəlirdi. Yəni "Böyük Ermənistan" xülyasıyla yaşayan bədnam düşmən bu vasitəylə Güney Azərbaycan ərazisinə girmək istəyirdi".
Muğanın münbit torpaqlarını ələ keçirmək niyyəti
Güneyli araşdırmaçı deyir ki, ermənilər əslində gözlərini Güney Azərbaycan ərazisinə də dikiblər: "Onlar Azərbaycan ərazilərinə qarşı apardıqları işğalçılıq siyasətinin davamı olaraq bu yolu tutublar. Onlar həm Güney Azərbaycanın yeraltı sərvətlərinə, həm də torpaqlarına sahib çıxmaq niyyətindədirlər. Hətta İranın "Tabnak" xəbər agentliyi Ermənistan son vaxtlar Güney Azərbaycana xüsusi maraq göstərdiyini yazıb. Ermənistanın da dövlət nümayəndələri ilk dəfə 2004-cü ildə iqtisadi əməkdaşlıq və sərmayə qoyuluşu məqsədilə Güney Azərbaycana gəlmişdilər. Amma Azərbaycan türklərinin kəskin etirazına görə heç bir iş görə bilməmişdilər. Belə ki, Ərdəbilə səfər edən Ermənistan nümayəndə heyətinin bəzi üzvlərinin separatçı olduqları, yəni Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ermənilərin işğalı altındakı başqa ərazilərimizdən gəlməsi aşkarlandıqdan sonra Güney Azərbaycan Milli Hərəkatının fəalları, o cümlədən soydaşlarımızın müqavimət simvoluna çevrilmiş Abbas Lisani şəhərin Sərçeşmə məscidində oturaq aksiya elan etmişdilər. Aksiya təhlükəsizlik qüvvələrinin müdaxiləsi və nümayişçilərin həbsilə sona çatmışdı. Ancaq buna baxmayaraq, əks-sədası çox böyük olmuşdu. Bununla da münbit Muğan torpaqlarında kənd təsərrüfatını inkişaf etdirmək üçün sərmayə qoymaq istəyən erməni nümayəndələri yerli əhalinin rəğbətini qazana bilməyərək ərazidən getməli olmuşdular. Bundan əlavə, Muğan və Xiyav (fars şovinistləri bu şəhərin adına Meşkin deyir) əhalisi də Dağlıq Qarabağ münaqişəsinə görə erməni nümayəndələrinə olduqca mənfi münasibət göstərmişdi. Düzdür, millət vəkili Məhəmmədəli Qəribani Ərdəbilin iqtisadi çətinliklə üzləşən Muğan Dəri Zavodunun idarəsini Ermənistandan gələn mütəxəssislərə tapşırmışdı. Hətta Ermənistanın daha iki sənaye şirkəti Ərdəbil vilayətində alüminium və beton zavodları təsis etmək məqsədilə fəaliyyətə başlamışdılar. "Tabnak" xəbər agentliyi bildirirdi ki, eyni vaxtda Abbas Lisaninin Ərdəbil zindanından Əhərə həbsxanasına aparılması da təsadüfi deyildi. Milli fəal və onun himayəçilərini məntəqədən uzaqlaşdırmaq yeni etiraz dalğasının ehtimalını azaltmaq məqsədi daşıyırdı". Onun bildirdiyinə görə, fars şovinist rejimi Güney Azərbaycanın Muğan bölgəsində sərhədə yaxın kəndləri boşaltmaq və əhalini yeni qəsəbələrə köçürmək istəyirdi: "Hətta bir müddət öncə İranın Təbii Sərvətlər və Əmlak Qeydiyyatı Təşkilatının mütəxəssisləri bölgənin Aynalı, Xudafərin, Üçtəbin, Cananlı, Aslanduz kəndlərində əhaliyə rüşvət təklif etməklə torpaqları onlardan almağa çalışırdı. Torpağı satmaq istəməyənlər isə polis və "Sepah"ın təzyiqlərinə məruz qalırdı. Belə ki, Cananlı kəndinin 55 yaşlı sakini Qüdrət Fəxri torpağının alınmasına etiraz etdiyinə və müqavimət göstərdiyinə görə təzyiqlərlə üzləşmişdi. Ondan ya torpağını satmasını, ya da təsərrüfat üçün icarəyə verməsini istəmişdilər. Soydaşımız isə ərazisinin dədə-babadan qaldığını söyləyərək, heç kəsə verməyəcəyini bildirmişdi. Bundan sonra buldozerlə onun üstünə torpaq tökərək yerə basdırmışdılar. Kənd sakinlərinin köməyilə Qüdrət Fəxrini torpağın altından çıxarmaq mümkün olmuşdu. Eyni zamanda bir müddət öncə Üçtəbin kəndinin yaxınlığında tikinti işləri aparılırdı. Əhalinin dediyinə görə, orada erməni və kürdlər üçün yaşayış qəsəbəsi salınırmış. Həmçinin əkinçiliklə məşğul olmaq məqsədilə İsfahanda yaşayan ermənilər Quzey Azərbaycanın işğal olunmuş ərazilərilə həmsərhəd Muğan, Aslanduz və Xudafərin ərazisində yerləşdirilirdi. Onlara asan şərtlərlə torpaq sahələri və uzunmüddətli kreditlər verilirdi".
Qondarma soyqırımı anmaq cəhdi
Sadiq İsabəyli vurğulayır ki, ermənilər hər il aprelin 24-də İranda qondarma soyqırımı anma mərasimləri keçirirlər: "Tədbirlər əsasən İran hakimiyyətinin dəstəyilə Tehran və İsfahanda bir neçə dəfə geniş şəkildə qeyd olunub. Onlar küçələrə çıxır, Azərbaycan və Türkiyə diplomatik korpuslarının qarşısında etiraz aksiyaları keçirirdilər. Hətta qondarma soyqırımı Təbriz şəhərində də anmağa cəhd göstərmişdilər. Amma Azərbaycan türklərinin etirazından sonra ermənilərin səylərinin qarşısı alındı. Hətta bir neçə dəfə ermənilərlə soydaşlarımız arasında qarşıdurma da yaranmışdı. Bundan əlavə, ermənilər qondarma soyqırımı anma mərasimləri zamanı bir neçə dəfə Türkiyə bayrağını yandırmağa da səy göstərmişdi. Bu da Azərbaycan türklərinin kəskin etirazıyla qarşılanmışdı. Eyni zamanda İran hüquq-mühafizə orqanlarının güclü təzyiqilə üzləşmələrinə baxmayaraq, güneyli soydaşlarımız bir neçə dəfə fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə bağlı Təbrizin Əmin üçyolu, Şahnaz dördyolu, 17 şəhrivər prospektində, erməni yepiskopluğunun qarşısında mitinq keçirmişdilər. Özü də Xocalı faciəsilə bağlı tədbirlər təkcə Təbrizdə deyil, Güney Azərbaycanın başqa şəhərlərində də təşkil olunub. Qum şəhərində də azərbaycanlı din xadimləri və tələbələr fevralın 25-də mitinq keçiriblər. Daha bir aksiya isə Əhərdə olub. Eyni zamanda fevralın 26-da Tehranda Ermənistanın səfirliyi qarşısında Xocalı soyqırımı ilə bağlı etiraz mitinqi keçirilib. Bundan əlavə, Təbriz, Urmiya, Ərdəbildə, Həmədanda Xocalı faciəsi haqqında CD və vərəqələr paylanıb. Artıq Azərbaycan türklərinin səyləri nəticəsində indi ermənilər qondarma soyqırımı yalnız kilsələrdə ana bilirlər. Ancaq bununla belə, onlar təxribatlarından əl çəkmirlər. Belə ki, Güney Azərbaycanda kənd təssərüfatına sərmayə qoymaq, əkinə yararlı torpaqları almaq, zavodları, fabrikləri ələ keçirmək və hətta bir sıra mədənləri özününküləşdirmək üçün cəhdlər göstərirlər.
Hazırladı: Real Cəfərli Terror qurbanı Füzuli
Və ya böyük şairin dərdin adında və özündə yaşadan rayon
Erməni təcavüzkarlığı və terroru haqda çox yazılıb, çox deyilib, hətta terrorun rəsmi belə çəkilib. XXI əsrin ən vəhşi aktı olan erməni vəhşiliyinin həm yazılı, həm də tablo şəkilləri bütün dünyaya göstərilib. Amma bu da yetərli deyil. Bu faciəni gərək yaşayasan, görəsən, duyasan...
Hiç yorum yok:
Yorum Gönder